Dolunun dolğunluq əmsalı

 

 

Yazıçı-publisist Aqil Abbasın üçillik Qarabağ müharibəsi barədə tarixi zaman fasiləsindən sonra yazıldığından reallığın müəllif yozumunda analitik təhlilə imkan verən “Dolu” romanı, ötən əsrin 90-cı illərinin əvvəllərindəki olayları; döyüş səhnələri ilə personajların sosial-məişət, mənəvi-psixoloji durumunu, 70 il sovet diqtəsinə baş əyməyib öz qanunları ilə yaşayan sənədli tipajların struktura gətirilməsindən, fəal müəllif müdaxiləsindən yaranan roman kontekstində açıqlanır. İşığa doğru gedən yolu göstərən alternativ ideyanın yoxluğu səbəbindən mövcud qanunlardan qorxmayan Dünyanın ən varlı şəhərinin uduzması, işğala məruz qalması bu romanın reallığına çevrilir. Və müəllif təhkiyyəsinin süzgəcindən keçən bu bədii emal prosesində torpaqlarımızın işğalı səbəblərinin kökü tutarlı mülahizələrlə açıqlanır. Belə ki, paytaxtdan düşmən işğalının qarşısını almaq naminə yox, “camaatın başının altına yastıq qoymaq” məqsədilə göndərilən vəzifəli iqtidarçıların və yaxud  vəzifə iddialı müxalifətçilərin qurduqları bədniyyətli oyunlarla döyüşçülərlə birgə əhalini də pərən-pərən salıb, parçalayanlara, fürsət tapan kimi arxadan zərbə vuranlara qarşı çıxan Komandirin tənhalığı dövlətin bütövlüyünü təmin edən torpaq azadlığı ideyasının təməl prinsiplərinin zəifliyindən xəbər verir.

Əslində bitməyən müharibə barədə yalnız sənədli mətn, təsvir məqbul sayıldığından istənilən təxəyyül məhsulu şarja çevrilir. Üstəlik hansısa ədəbi cərəyanın tam formalaşmadığı, müəllif iddiasının öldüyü və hətta ideya məvhumunun itdiyi modernizmin hələ ki, üfüqdə görünmədiyi bir şəraitdə dövrün diqtəsi sənədli mətnin, təsvirin belə daxildəki redaktorun senzura süzgəcindən keçirilməsini diqtə edir.  Odur ki, Komandirin: “Qeyrətinizə qurban olum! Möhkəm dayanın! Arxamızda ana-bacılarımızdı! “ (Aqil Abbas. Dolu. B.2008. s.151) kəlmələri də (erməni qızının zorlanmasına qarşı çıxan əsgərin arvad deyil, torpaq davası apardığını bildirməsinin minimum şəxsi, maksimum ictimai ideyalı klassisizm cərəyanının tələblərini ödəməsi istisna olmaqla) dövlətçilik deyil, məhəlli təfəkkürü önə çəkir. Komandirin Bakıdan döyüş bölgəsinə könülsüz gələn ideyasız polkovniki təslimçiliyə görə güllələdiyindən on il sonra zindandan çıxaraq işğal altındakı məmləkətin məmnunluğuna dözməyib vaxtilə döyüşü uduzduğu şəhərə üz tutması reallığı bitirir. Bitən reallıqdan sonrakı müəllif təxəyyülündə uşaqlıq xatirəsinə qayıdaraq kəhriz suyunun azadlığında üzən balıqlara qoşulan komandir irreallığın xülyasına çevrilir.

Aqil Abbasın torpaqlarımızın azadlığı mövzusuna həsr olunmaqla sosial sifarişi yerinə yetirən “Dolu” romanına Lətif Səfərov, Ceyhun Mirzəyevdən sonra ömrünü kinoda keçirən rejissor Elxan Cəfərovun ekran yozumu verməsi uğurlu təsvir həllinə təminat yaratdı. ÜDKİ –də məşhur aktyor Aleksey Batalov kimi ustad sənətkardan dərs alan, peşəkar üslubunda klip estetikasına üstünlük verən rejissorun xətti dramaturji modeldə bir-birinə yad olan epizodların zəncirvari birliyini reportaj metodu hesabına təmin etmək cəhdi nəzərdən qaçmadı.

İlk epizodda yağan dolunun süfrədəki qab-qacağı sındırması filmin adının doğruldulmasına yönəlsə də, “qrad” adlı artileriya qurğusunun rusca mənasını vermək əlbəttə ki, romandan fərqli olaraq ekranda mümkünsüz idi. Bununla belə, yaşayış məntəqəsinin davamlı atəş altında qalmasının ekranda kompüter qrafikası hesabına deyil, natural şəkildə real həllini tapması nəzərdən qaçmır. Tezliklə qapanan paralel montajda  ziddiyyətin əks tərəfini, yəni şəri müəyyənləşdirən, “İnterpolun axtardığı terrorçu Levonun əzazilliyi, qaniçənliyi personajın mətnində üzə çıxır. romandan gəlməyən, süjet səciyyəli bu epizodun davamında filmdə xeyiri səciyyələndirən Drakonla (Rza Rzayev) Pələngin (Elvin Əhmədov) həyatları bahasına şəri cəzalandırmaları bədii həllini tapır. Əsas dramaturji hadisədə hansısa döyüşçünün xəstə anasının müalicəsinə pul verməməkdə günahlandırılan şər missiyalı Baza müdirini silahla hədələməklə şalvarını soyundurmaq istəyən Drakona Pələngin müqaviməti xeyiri səciyyələndirənlər arasında nifaq yaratmaqla xeyirin sırasını zəiflədir. Drakonun Pələngi öldürəcəyi ilə hədələməsi, baza müdirinin Pələngə verdiyi bir çemodan pul hesabına  Drakonu aradan götürmək istəyi ilə dərinləşən bu nifaq qəhrəmanları ideya daşıyıcısı missiyasından uzaqlaşdırır. Ciddi kəşfiyyat planı qurmaqla bu missiyanı üzərlərinə götürən Milis rəisi (Fərhad İsrafilov) ilə romanda olduğu kimi az qala müharibənin mənzərəsini dəyişə bilən Komandirin (Məmməd Səfa) ideya daşıyıcılarına çevrilmələri baş qəhrəmanın yükünü personajlar arasında paylayır. Birgə kəşfiyyata gedən, Drakonun Pələnglə nifaqını unudaraq düşməni zərərsizləşdirmələri torpaq azadlığı ideyasını qalib çıxarsa da ananın pul çemodanını hərbi hissəyə gətirməsi ekranda həllinin tapılması mümkünsüz sayılan dolaşıq ziddiyyət yaratmaqla əsas dramaturji hadisənin fabula mexanizmini süjet istiqamətinə yönəldir. İşğal ərəfəsində həbsxanadakı dustaqları azadlığa buraxmağa məcbur olan Milis rəisinin onlara silah  paylaması epizodunun bədii həllində tələskənlik nəzərə çarpır. Odur ki, dustaqlardan birinin can verən yaralı polis rəisinə: “Ölmə! ölmə! sən kişi adamsan  söyləməsi dramaturji həllini gözönü hadisədə tapa bilmir.  Əvəzində cəngavər xislətli Komandirin döyüşdən qaçan kölə ruhlu əsgərlərin başçısı, məhəlli təfəkkürlü, sərxoş Polkovniklə (İntiqam Soltan) romandan gələn mətn təminatlı ziddiyyəti ideya ilə ideyasızlığın  qarşıdurmasına çevrilir. Komandirə: “Nə istəyirsən ə, mənim əsgərlərimdən? Şəhər sizindir, özünüzqoruyundeyib güllələnən Polkovnik “Fərman padişahın dağlar bizimdirdeyib sinəsini düşmənə sipər edən babalardan uzaqlaşmanın göstəricisinə çevrilir.

Romandan gəlmədiyindən muxtariyyətini saxlayan bir epizodda vicdanın hökmü ilə müdafiə döyüşlərinə qoşulan Müəllimin (Şamil Sülymanov) Aleksandr Matrosovsayağı ölümə gedərək bədəni ilə qoruduğu şagird sanki gələcək döyüşün xilaskar əsgərinin simvoluna çevrilir. Çökən imperiyanın iflasa uğrayan total ideologiyasının tör-töküntüləri altında çabalamaqla günah hissindən özünü güllələyən teatral Katibin (Fuad Poladov) daxili monoloqunun fasiləsizliyi belə onunla bağlı epizodların düşüncəyə deyil, zahiri əlamətlərə yönəlməsinə maneçilik törədə bilmir. Natura çəkilişlərindəki yaşıl təbiət mənzərələri təsvirdəki insan münasibətlərinin qabardılmasına, diqqətlə izlənilməsinə maneçilik törətsə də reportaj metodunun dinamizmi hadisəlilik prinsipini qabardır. Və bəstəkar kimi alacağı qonorarı filmə bağışlamaqla torpaq azadlığı mövzusuna vətəndaş münasibətini bəyan edən Polad Bülbüloğlunun əsasən təsvirlə həmahəng səslənən musiqisi fabulanı məhdudlaşdıraraq süjetə meydan verən uzun-uzadı kəşfiyyat epizodunun klip estetikasına dağıdıcı təsirini neytrallaşdırır. Romandan fərqli olaraq filmin sonunda Polkovniki güllələdiyinə görə cəzalandırılması kadr arxasında qalan Komandirin illərdən sonra geriyə qayıdaraq həyatını qurban vermiş personajların ruhlarını arxasınca apararaq işğal altındakı torpaqların azadlığı naminə düşmən üzərinə getməsi (2009-cu ildə ANS-in efirində gedən “Evə gəl” verilişində Qarabağa gedən yolu kəsən səddi aşan Aqil Abbassayağı) finalı fantasmaqorik məqamda tamamlayır. Və əvvəlki epizodlarda təzahürünü tapmadığından yad təsir bağışlayan bu xəyali fantasmaqoriya reallığı əks etdirən döyüş filminin reportaj metoduna, üstəlik janr təyinatına uyuşmasa da, torpaqlarımızın azadlığına çağıran uğurlu sosial plakatı bəyan edir.     

Interkominformasiya agentliyinin (27. 08. 2012) “Aqil AbbasDolufilmi ilə bağlı narazı qaldığı məqamlardan danışır” məqaləsində ssenarisində ikihissəli romanının torpaqlarımızın müdafiəsi ilə bağlı birinci hissəni götürməklə, sonradan həbs olunan Komandirin sonrakı həyatından bəhs edən ikinci hissədən vaz keçdiyini bildirən  Cəlil Cavanşirə müəllifin:  “Azərbaycan insanına güc verən, vətənpərvərlik  ruhu aşılamaqla döyüşə səsləyən film lazımdır. Komandirin həbsxanada şahmat oynamağı, onun siyasi görüşləri, iztirabları kimin üçün maraqlı olacaqdı? Məncə, komandirin iztirabları haqqında başqa bir film çəkmək mümkündürfikri əslində təqdim olunan filmin vətənpərvərliyə səsləyən döyüş formatlı sosial plakat janrını təsdiqləyir. Müəllifin: “Filmdə elə məqamlar var ki, onu bir neçə dəfə baxandan sonra başa düşmək olar” tələbi ilkin tamaşaçı təəssüratına qarşı çıxmaqla haqsız sayılsa da, “Əgər film zəifdirsə, qüsurludursa, nə üçün tamaşaçılar filmin bitməsinə 10 dəqiqə qalmış ayağa qalxıb, dayanmadan alqışlayırdı?”1 sualı torpaq azadlığı mövzusunun sosial sifarişdə mühüm yer tutduğunu göstərir.

Kulis azdaDolu”-bir-birinin əksinə olan detallar!” məqaləsindən: “Məlum hadisələri Aqil Abbasın romanından da oxuyub bilmək olar. Həmin hadisələri isə kino versiyasında təqdim etmək: rejissorun əsas işi budur. Elxan Cəfərov bu təqdimatın öhdəsindən filmin finalında məharətlə gəlib. Güclü final sanki filmin digər hadisələrindəki çatışmazlığı nümayiş etdiriryazan İntiqam Hacılı  Fridrix Nitsşenin: “Reallıqdan cana doyanlara bədii yalan gərəkdir” tezisini xatırlatmaqla fantasmaqoriya tələbatını təsdiqləyir. Üstəlik: “Beləliklə, “Doluda kinematoqrafiyanın bağışlamadığı hallar baş verdi: Hadisələrin ardıcıllıq ritmi pozuldu!” kimi göstərilən əsas qüsur isə filmin qavrayışında vacib amil sayılan arxitektonika məsələsinə toxunmaqla məqalə müəllifinin mozaikliyə deyil, xətti modelə üstünlük verməsini təsdiqləyir. “Filmdə tankın altına mina atan əsgərin “Allahu əkbər” dediyi və əsir düşmüş erməni qızına münasibətin verildiyi kadrlar kinematoqrafik cəhətdən öz həllini tapmır” qeydi ilə razılaşmaq mümkün olsa da, “filmin finalından başqa bütün hadisələri eyniadlı əsərin müəllifi olan Aqil Abbasın nəql etdiyi hiss olunur” qənaəti əslində yuxarıda qeyd edildiyi kimi müəllif kinosunun göstəricisi kimi ekran əsərinin uğurunu səciyyələndirir. Və bəlkə də romanın mətnindən parçaların məhz Aqil Abbasın öz dilindən filmin strukturuna gətirilməsi ilə audiovizuallığın zənginləşdirilməsi versiyasının unudulması variantını gündəmə gətirir.  Kinoşünas İ. Hacılının “Əgər maliyyə, lazım olan kinotexnikatexniki işçilər varsa, ortaya niyə dünya tamaşaçısının gözünə soxula biləcək, başdan ayağadək rejissor təqdimatında olan bir ekran əsəri çıxmasın?!”2 sualı isə yaradıcı-texniki baza, kinofabrik yoxluğunun üstündən keçməklə yanaşı zorakılıqdan uzaq olan beynəlxalq kino bazarı institutunun sivil qanunlarla işlədiyini də unutdurur.

Dolu” bədii filminin ilk nümayişindən sonra mobilliyi, kütləviliyi ilə seçilən elektron informasiya vasitələrində jurnalistlər, kulturoloqlar, arasında araşdırılması ilə Aqil Abbasın da həmən reaksiya verməsi ən azı “Dolufilminin reklam kampaniyasını gerçəkləşdirdi. Bədii dəyərlərinin araşdırılmasından daha çox oxucu kütləsi üçün maraq doğuracaq sosioloji məsələləri qabardan məqalələrdə “Dolufilmi ilə bağlı xaricə çıxarılmaq məsələsinin müzakirəyə çevrilməsi isə artıq kinoda idarəçilik formasının mükəmməlləşməsi zərurətindən də xəbər verir.

 

Aydın Dadaşov

 

525-ci qəzet.- 2013.- 8 iyun.- S.29.